İQTİSADİYYAT
Azərbaycan-Türkiyə biznes inkubatorlarının birgə fəaliyyət planı müzakirə olunub
Bakı, 18 iyun, AZƏRTAC
İnnovasiyalar Agentliyində Türkiyə Respublikasının Sənaye və Texnologiyalar Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə biznes inkubatorlarının birgə fəaliyyət planı müzakirə olunub.
İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli qurumun fəaliyyəti, yerli və beynəlxalq tərəfdaşlarla mövcud əməkdaşlıq platformaları haqqında təqdimatla çıxış edib.
Görüşdə, həmçinin Agentliyin “Pirallahı” Yüksək Texnologiyalar Parkının rezidenti olan yerli və Türkiyə şirkətlərinin təqdimatı keçirilib. Türk sahibkarlar Azərbaycanda iş mühiti üçün yaradılan əlverişli şərait, xüsusilə də İnnovasiyalar Agentliyinin texnoparklarında rezidentlik statusu qazanmaqla 7 il müddətinə əldə etdikləri vergi və gömrük güzəştlərindən məmnunluğunu ifadə ediblər. Daha sonra Agentliyin nəzdində fəaliyyət göstərən “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin koordinatoru Camal Ağayev startaplara dəstək-inkişaf proqramları haqqında danışaraq yerli və xarici mentorlardan ibarət peşəkar komandanın uğurlu layihələrindən söhbət açıb.
“Barama” İnnovasiya və Sahibkarlıq mərkəzinin 2020-2021-ci il məzunu olmuş ən uğurlu 6 startap “Ağıllı şəhər”, maliyyə, ətraf mühit, müdafiə sənayesi, təhsil və sosial sahibkarlıq texnologiyalarına dair layihələrin təqdimatını keçiriblər. Azərbaycanlı startapların təqdimatları türkiyəli mütəxəssislərdə böyük maraq yaradıb və geniş müzakirələrlə müşayiət olunub.
Həmçinin Türkiyə nümayəndə heyəti İnnovasiyalar Agentliyinin “Pirallahı” Yüksək Texnologiyalar Parkının rezidenti olan “RD Smart” və “Smart Home” şirkətlərinin istehsalat sahələrinə baş çəkib, hazır məhsullarla əyani tanış olub.
Görüşün sonunda tərəflər startapların regional bazarlara çıxış imkanlarının dəstəklənməsi istiqamətində birgə “keçid” proqramlarının, mentorluq fəaliyyətinin, inkubasiya və innovasiya mərkəzlərinin yaradılması haqqında razılığa gəliblər.