MƏDƏNİYYƏT
“Qonağım ol” rubrikası davam edir
![“Qonağım ol” rubrikası davam edir](/files/2021/2/1200x630/16240241731469312690_1200x630.jpg)
Bakı, 18 iyun, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Respublika Xatirə kitabı redaksiyasının baş redaktoru, “Yada düşdü” jurnalının təsisçisi, şairə, publisist Nəzakət Məmmədova olub.
AZƏRTAC xəbər verir ki, kitabxananın instaqram sosial şəbəkəsi üzərindən reallaşan görüş çərçivəsində, şairə, jurnalist Nəzakət Məmmədova hərb və vətənpərvərlik mövzusunda əsərləri, kitabları və ümumilikdə fəaliyyəti haqqında ətraflı məlumat verib.
Nəzakət Məmmədova canlı yayıma qoşulan oxucular üçün müəllifi olduğu “Ağlama, Şəhid qızı”, “Vətən, bizi bağışlama” və Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra qələmə aldığı “Zəfərin mübarək, komandir oğlum!” adlı şeirlərini səsləndirib.
Vətənpərvər şairə Nəzakət Məmmədovanın qələmə aldığı əsərlərinin əksəriyyətində vətən qayəsi əsasdır. Şairənin bugünə kimi 7 kitabı işıq üzü görüb. Nəşr olunmuş “Yurd dediyim bu torpaq”, “Ömrün qatarı” kitabları vətənpərvərlik mövzusunda yazılmış şeirlərdən ibarətdir. Kitablar türk və ingilis dillərinə də tərcümə olunaraq nəşr olunub.