Kiprdə güclü meşə yanğınları nəticəsində dörd nəfər həlak olub VİDEO
Afina, 5 iyul, AZƏRTAC
Kiprdə güclü meşə yanğınları nəticəsində 4 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, hökumət ölkənin tarixində ən böyük təbii fəlakətlərdən biri ilə üzləşdiyini açıqlayıb. Ümumilikdə 55 kvadratkilometrdən çox ərazini əhatə edən yanğın nəticəsində onlarla ev, hektarlarla şam və zeytun bağları yararsız vəziyyətə düşüb.
Yanğınlardan ən Limassol və Larnaka bölgələri ziyan görüb. Yanğının öhdəsindən gəlmək hələ də mümkün deyil. Quraqlıq və güclü küləklər yanğınların miqyasının genişlənməsinə təsir edir. Son bir həftədir Kiprdə havanın temperaturu 40 dərəcədən yüksəkdir.
Avropa İttifaqı və İsrail meşə yanğınları ilə mübarizədə yardım üçün bu ölkəyə aviasiya vasitələri göndərib.
Polis yanğının baş verməsinin səbəblərini araşdırır. Yanğınların törədilməsində şübhəli bilinən 67 yaşlı yerli sakin həbs olunub. Şahidlərin sözlərinə görə, o, yanğınların başlamasından bir müddət əvvəl quru ot yandırıb. Hazırda bu istiqamətdə araşdırma aparılır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina