DÜNYA
Çinin illik vaksin istehsalı gücü 5 milyard dozaya çatıb VİDEO
Bakı, 16 iyul, AZƏRTAC
Çin Xalq Respublikasının koronavirusa qarşı illik vaksin istehsalı gücü 5 milyard dozaya çatıb.
AZƏRTAC ÇXR-in mərkəzi televiziyasına istinadla xəbər verir ki, bu barədə Çin Sənaye Nazirliyinin mühəndisi Tyan Yulun bildirib. Onun sözlərinə görə, peyvəndləmə kampaniyası çərçivəsində indiyədək 1,4 milyard doza vaksin ölkə sakinləri arasında paylanıb. Habelə 500 milyon dozadan çox preparat xaricə ixrac olunub. O bildirib ki, Çinin yeni növ koronavirusa qarşı vaksin istehsalı gücü davamlı olaraq artır.
Çində əhalinin prioritet qruplarının vaksinasiyası 2020-ci il dekabrın 15-də başlayıb. İyulun 15-dək ölkə üzrə ümumilikdə 1 milyard 426 milyon 347 min COVID peyvəndi vurulub.
Əhalinin bu il aparılan son siyahıyaalınmasına əsasən, Çin sakinlərinin (Tayvan, Honkonq və Makao xüsusi inzibati rayonları daxil olmaqla) sayı 1,44 milyard nəfərdir.
Vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytının iyulun 15-nə olan məlumatına görə, dünya üzrə koronavirusa qarşı vurulan peyvənd dozalarının miqdarı 3 milyard 540 milyonu ötüb. Ümumilikdə 21 ölkədə əhalinin sayından çox vaksin dozası vurulub.