İQTİSADİYYAT
Sığortaçılar Assosiasiyası sığorta olimpiadası keçirib
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) nəzdində fəaliyyət göstərən Tədris Mərkəzində sığorta şirkətlərinin əməkdaşları üçün sığorta olimpiadası təşkil edilib.
ASA-dan AZƏRTAC-a bildirilib ki, olimpiadanın başlıca məqsədi sığorta şirkətlərinin əməkdaşlarının bilik və məlumatlılıq səviyyəsinin qiymətləndirilməsi və təlim ehtiyaclarının müəyyən edilməsi, eyni zamanda, sığorta şirkətlərinin əməkdaşları arasında kommunikasiya gücləndirilməsindən ibarətdir. Olimpiadada ümumilikdə 40 nəfər iştirak edib. Həyat və qeyri-həyat sığortası mövzularını əhatə edən olimpiada ölkədə tətbiq edilən mövcud karantin qaydalarının şərtlərinə uyğun olaraq növbəli şəkildə və sosial məsafə qorunmaqla həyata keçirilib.
Olimpiadanın yekununda isə fərqlənən iştirakçılar mükafatlandırılıblar.
Assosiasiyanın strategiyasına uyğun olaraq bu kimi olimpiadalar gələcək dövrlərdə də davamlı olaraq təşkil ediləcək.