ELM VƏ TƏHSİL


Azərbaycanlı tələbə Türkiyə birincisi olub

İstanbul, 2 sentyabr, AZƏRTAC

Qardaş ölkədə “Çift anadal” (İkili əsas ixtisas) proqramı ilə təhsil alan azərbaycanlı Nuray Allahverdiyeva Türkiyə birincisi olub.

Bununla bağlı AZƏRTAC-a müsahibə verən ölkəmizin Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova həmyerlimizin bu uğurunun qürurverici və digər tələbələrimiz üçün nümunəvi hal olduğunu bildirib.

Həmyerlimiz haqqında məlumat verən N.Nəsibova deyib: “1999-cu il təvəllüdlü Nuray 2017-ci ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini həm qızıl medal, həm də qırmızı diplomla bitirib. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda 690 bal toplayan həmyerlimiz ölkəmizdə bir çox ali təhsil müəssisəsində oxumaq hüququ qazanıb. O, eyni zamanda təqaüd proqramı ilə Türkiyədə təhsil almaq üçün aidiyyəti qurumlara müraciət edib. Azərbaycanda keçirilən imtahanlarda əldə etdiyi uğur nəzərə alınaraq Nuray Türkiyənin İstanbul Universitetinin Siyasi elmlər fakültəsinin beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alması üçün qardaş ölkəyə dəvət edilib. Bu dəvəti qəbul edən həmvətənimiz oxumağa başladığı İstanbul Universitetində də yüksək qiymətləri ilə seçilib. Elə bu səbəbdən də o, Türkiyədə fəaliyyət göstərən “Çift anadal” proqramı üzrə eyni vaxtda iki ixtisas üzrə təhsil almaq hüququ əldə edib. Bundan sonra Nuray eyni zamanda İstanbul Universitetinin İqtisadiyyat fakültəsində oxumağa başlayıb. Bu il məzun olan tələbəmiz yüksək təhsil göstəricilərinə görə Türkiyə birincisi, eyni zamanda, qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələr arasında birinci olub. Bu hal təhsil müşaviri və azərbaycanlı olaraq mənim üçün qürurvericidir. Hər bir tələbəmizin uğuru bizim qürurumuzdur. Qardaş ölkədə təhsil alan bütün tələbələrimizə uğurlar arzulayıram”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.