İQTİSADİYYAT


Paytaxtda daha bir yerüstü piyada keçidinin inşası planlaşdırılır

Bakı, 21 sentyabr, AZƏRTAC

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin etmək məqsədilə paytaxt ərazisində daha bir yerüstü piyada keçidinin inşası planlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yerüstü piyada keçidinin piyadaların avtomobil yolunu keçməsində problemlər yaşanan ərazidə, Mərdəkan prospekti ilə Qala-Pirallahı avtomobil yolunun kəsişməsində inşa edilməsi nəzərdə tutulur.

Hazırda yeni piyada keçidinin layihəsi aidiyyəti dövlət strukturlarında razılaşdırma mərhələsindədir.

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında inşa edilməsi planlaşdırılan yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, müasir görünüşü ilə fərqlənəcək.

Keçidin ümumi uzunluğu 91,5 metr, qalereyanın uzunluğu 62,9 metr, daxili eni 4,5 metr, keçidaltı qabariti isə 5,35 metrdir.

İki giriş-çıxışlı keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun, xüsusi maillikli 42 metr uzunluqda piyada pandusları quraşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.