“Kompasu” qasırğası Çin sahillərinə çatıb VİDEO
Pekin, 13 oktyabr, AZƏRTAC
Cari ilin 18-ci qasırğası olan “Kompasu” adlanan qasırğa Çinin cənubundakı Haynan adasının sahillərinə çatıb.
AZƏRTAC Çinin meteoroloji xidmətinə istinadla xəbər verir ki, qasırğa Haynan adasının Boao sahil qəsəbəsində çatanda sürəti saatda 118 kilometr olub. Güman edilir ki, “Kompasu” şiddətli yağıntı və güclü küləklərə səbəb olacaq. Çinin cənub və şərq vilayətlərində səlahiyyətli qurumlar təbii fəlakət ehtimalı ilə əlaqədar yüksək dərəcədə hazırlıq vəziyyətinə gətirilib. Haynan və Quandun vilayətində bərələrin və sahildəki turizm attraksionlarının fəaliyyəti dayandırılıb. Bundan başqa, Haynanda dəmir yolu qatarlarının hərəkəti və təyyarələrin uçuşları məhdudlaşdırılıb, inşaat işləri, habelə dənizdəki neft platformalarının və külək turbinlərinin işi dayandırılıb, işçilər təxliyə edilib.
Cıcian və Fucien vilayətlərində də qasırğa ilə əlaqədar 3-cü səviyyədə hazırlıq elan edilib. Dənizlərdəki bütün fəaliyyət sahələrində iş dayandırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin