REGİONLAR
Ağsuda yaralı əsgər yoldaşını xilas edərkən şəhid olan kəşfiyyatçı Vüsalın xatirəsi anılıb
Ağsu, 19 oktyabr, AZƏRTAC
Ağsu rayonu Gəgəli kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksələn Vüsal Əli oğlu İbişovun anım mərasimi keçirilib. Mərasimə rayon rəhbərləri, şəhid ailələri, qazilər, kənd sakinləri qatılıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov şəhidin atası Əli İbişovla görüşüb, ona başsağlığı verib və qayğıları ilə maraqlanıb. Habelə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlər haqqında danışıb. Nuran Xatun məscidinin imamı Hacı Nurəddin “Qurani-Kərim”dən ayələr oxuyub, dualar edib.
Sonra mərasim iştirakçıları Zeyvə nənə qəbiristanlığında şəhid Vüsal İbişovun məzarını ziyarət ediblər. Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə çiçəklər düzülüb. Çıxışlarda şəhid barədə xatirələr söylənilib, onun vətənsevər, cəsarətli bir insan olduğu vurğulanıb. Həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Vüsal və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından danışılıb.
Qeyd edək ki, şəhid Vüsal İbişov 1999-cu il iyunun 19-da Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 2006-cı ildə Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 2017-ci ildə həmin məktəbi bitirib. Sonra həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ilin aprelində hərbi xidməti başa vurduqdan sonra Gəgəli kəndinə qayıdıb, 2020-ci il sentyabrın 21-də yenidən könüllü olaraq hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda Suqovuşan və Ağdərə istiqamətlərindəki döyüşlərdə kəşfiyyatçı kimi xidmət edən Vüsal İbişov oktyabrın 18-də yaralı əsgər yoldaşını xilas etməyə çalışarkən düşmənin snayperdən açdığı atəş nəticəsində şəhid olub.
Bu gün Gəgəli kəndindəki Zeyvə nənə qəbiristanlığında uyuyan Vüsal ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edib.