DÜNYA
Baş epidemioloq: Çin pandemiyanın hazırkı dalğasını bir aya nəzarət altına ala biləcək VİDEO
Pekin, 30 oktyabr, AZƏRTAC
Çinin baş epidemioloqu Con Nanşan ölkədə COVID-19 pandemiyasının hazırkı dalğasının təxminən bir aya nəzarət altına alına biləcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, tibb ekspertlərinin qatıldığı vebinarda çıxış edən tanınmış mütəxəssis virusun ölkədə yayılma coğrafiyasının böyük olduğunu əsas götürərək, yoluxma zəncirinin qısa müddətdə dayandırılmasının mümkün olmayacağını deyib. O, ilin sonunadək Çin əhalisinin 80 faizdən çoxunun COVID-19 virusuna qarşı hər 2 doza peyvəndi qəbul etmiş olacağını, bunun da öz növbəsində virusun yayılmasının qarşısını almağa kömək edəcəyini bildirib.
Oktyabrın 16-dan Çində başlayan pandemiyanın yeni dalğası 2019-cu ilin son günlərində ortaya çıxan və ötən ilin aprel-may aylarında nəzarət altına alınan ilk dalğa kimi geniş coğrafiyanı əhatə edir. İlk dalğa bitəndən sonrakı dövrdə adətən bir yaşayış məntəqəsində lokal yoluxmalar olurdusa, bu dəfə yoluxma halları bir neçə şəhər və bölgədə aşkarlanıb. Ötən sutka paytaxt Pekin də daxil olmaqla 9 şəhərdə ümumilikdə 65 yoluxma qeydə alınıb. Bu, pandemiyanın sonuncu dalğasında sutkalıq ən yüksək göstəricidir.
Yoluxmaların sayından asılı olaraq bəzi yaşayış məntəqələri yüksək və orta riskli zonalar elan edilib. Həmin yaşayış məntəqələrində karantin rejimi sərtləşdirilib, giriş-çıxış məhdudlaşdırılıb, kütləvi tədbirlər ləğv edilib. Bəzi yaşayış məntəqələrinin məktəblərində dərslər təxirə salınıb, uşaq bağçalarının fəaliyyəti dayandırılıb, ali məktəblərdə isə qapalı rejim tətbiq olunur. Ecina və Lancou şəhərlərində sakinlərin 5-ci mərhələdə kütləvi test prosesi həyata keçirilir.
Çinin dəmir yolu operatoru virusla mübarizə tədbirləri çərçivəsində yoluxma ocaqları olan şəhərlərə gedən və oradan çıxan qatarlarda sərnişinlərin sayına məhdudiyyət qoyub, bəzi istiqamətlərdə isə ümumiyyətlə qatarların hərəkəti dayandırılıb.
Qeyd edək ki, Çində oktyabrın 16-da başlayan pandemiyanın yeni dalğasında paytaxt Pekin də daxil olmaqla, bir neçə yaşayış məntəqəsində ümumilikdə 400-ə yoluxma aşkarlanıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin