DÜNYA
Cənubi Koreyada antirekord yoluxma günündə ali məktəblərə qəbul imtahanı keçirilib VİDEO
Pekin, 18 noyabr, AZƏRTAC
Cənubi Koreyada COVID-19 pandemiyası dövrünün ən yüksək sutkalıq yoluxma göstəricisinin qeydə alındığı noyabrın 18-də ali məktəblərə qəbul imtahanı keçirilib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, təxminən 510 min abituriyent imtahanda iştirak edib. Bu, Cənubi Koreyada pandemiya dövründə ali məktəblərə keçirilmiş 2-ci imtahandır. İmtahan ölkə üzrə 1251 məkanda təşkil olunub. Xəstəlik əlamətləri olanlar xüsusi ayrılmış otaqlarda imtahan verib. Koronavirus testinin cavabı müsbət olanlar isə xəstəxanalarda imtahan veriblər.
Qeyd edək ki, ötən il ali məktəblərə qəbul imtahanının vaxtı pandemiya səbəbindən dəyişdirilmişdi. Amma səlahiyyətli qurumlar builki imtahanı hər il planlaşdırıldığı kimi, noyabr ayının 3-cü həftəsinin cümə axşamı keçirməyə qərar veriblər. Tərslikdən imtahan ölkədə yoluxma sayında antirekordun (3 min 292 yoluxma) qeydə alındığı günə düşüb. Noyabrın 1-dən ölkədə karantin rejiminin yumşaldılmasına başlanılıb. Çox güman ki, imtahanın noyabrın 18-də keçirilməsi barədə qərarın qəbulunda karantin rejiminin yumşaldılması amili də rol oynayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin