Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

1941-1945-Cİ İLLƏR MÜHARİBƏSİ İŞTİRAKÇILARINA, HƏLAK OLMUŞ VƏ YA SONRADAN VƏFAT ETMİŞ DÖYÜŞÇÜLƏRİN DUL ARVADLARINA, ARXA CƏBHƏDƏ FƏDAKAR ƏMƏYİNƏ GÖRƏ ORDEN VƏ MEDALLARLA TƏLTİF EDİLMİŞ ŞƏXSLƏRƏ BİRDƏFƏLİK MADDİ YARDIM EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1941-1945-ci illər müharibəsində qələbənin 65-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım edilsin.

2. Bu Sərəncamın 1-ci bəndinin icrası məqsədi ilə:

2.1. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 8,0 (səkkiz) milyon manat vəsait ayrılsın;

2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, həmin vəsaitin Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsini təmin etsin;

2.3. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu birdəfəlik maddi yardımların müvafiq şəxslərə çatdırılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin