DÜNYA
İtaliyalı pilotlar Baltik səmasının mühafizəsi üzrə estafeti Belçika Hərbi Hava Qüvvələrinə ötürüblər VİDEO
Tallin, 3 dekabr, AZƏRTAC
Estoniyanın Emari aviabazasında Baltikyanı ölkələrin hava məkanının mühafizəsi üzrə estafet İtaliya Hərbi Hava Qüvvələrindən (HHQ) Belçika HHQ-yə ötürülüb.
AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, Estoniyanın müdafiə qüvvələrinin komandanı general-leytenant Martin Herem italiyalı hərbi qulluqçulara göstərdikləri xidmətlərə görə təşəkkürünü bildirib. O, növbəti dörd ay ərzində Estoniyada qalacaq belçikalı hərbçiləri salamlayıb.
Estoniyanın “Postimees" portalının məlumatına əsasən, Belçika Hərbi Hava Qüvvələrinin 10-cu taktiki qrupunun heyətindən ayrılan F-16 qırıcılarının növbətçi dəstəsi gecə-gündüz Baltik səmasında növbə çəkəcək, təlim uçuşları həyata keçirəcək.
NATO ölkələrinin Hərbi Hava Qüvvələri 2004-cü ildən etibarən Estoniya, Latviya və Litvanın hava məkanını qoruyur. Hava polisi missiyasında iştirak edən təyyarələr Litvada Şaulyay və Estoniyada Emari aviabazalarında yerləşdirilib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin