Honkonqda yanan göydələndə yüzlərlə insan köməksiz qalıb VİDEO
Bakı, 15 dekabr, AZƏRTAC
Honkonqda günorta saatlarında alova bürünən göydələnin yuxarı mərtəbələrində yüzlərlə insan köməksiz qalıb.
AZƏRTAC “Dimsum Daily” portalına istinadla xəbər verir ki, indiyə qədər binadan 165 nəfər təxliyə olunub. Yüzə yaxın insan beşinci mərtəbə rayonunda yerləşən açıq platformanı, 350-yə yaxın insan isə binanın yuxarı mərtəbələrini tərk edə bilmir. Hələlik yeddi nəfərin xəsarət alması barədə məlumat yayılıb.
Qeyd edək ki, yanğın Honkonq adasının Kozuey-bey rayonunda yerləşən Dünya Ticarət Mərkəzinin (World Trade Center) binasında nahar fasiləsi zamanı baş verib. 38 mərtəbəli göydələndə mağaza və restoranların olduğu ticarət mərkəzi və ofislər yerləşir. Binanın yeraltı avtomobil dayanacağından beşinci mərtəbəyə qədər təmir işləri aparılır. Yanğının birinci mərtəbədəki texniki otaqda baş verdiyi güman edilir.