Çində yeməkxanada baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16-ya çatıb VİDEO
Pekin, 8 yanvar, AZƏRTAC
Çinin Çunçin şəhərində yeməkxanada baş verən partlayış nəticəsində ölənlərin sayı 16-ya çatıb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
AZƏRTAC şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, axtarış-xilasetmə işləri zamanı yeməkxana binasının dağıntıları altından 16 nəfərin meyiti çıxarılıb. Yaralı halda tapılanlar xəstəxanalara yerləşdirilib.
Çin Dövlət Şurasının (Nazirlər Kabineti) nəzdindəki Əməyin Təhlükəsizliyi Komitəsi hadisə ilə əlaqədar təhqiqat başladıb.
Qeyd edək ki, yanvarın 7-də yerli vaxtla saat 12:10 radələrində Çunçin şəhərinin Ulon rayonunda yeməkxanada qaz sızmasından güclü partlayış baş verib. Hadisə nəticəsində təxminən 20 nəfərin dağıntılar altında qaldığı güman olunurdu. Hadisə yerinə yüzlərlə xilasedici, yanğınsöndürən, təcili tibbi yardım qüvvələri, xeyli texnika cəlb olunub, axtarış-xilasetmə işlərinə başlanılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin