DÜNYA
Çinin Tiencin şəhərində 2 nəfərin “omikron”a yoluxması nəticəsində kütləvi test prosesi keçirilib VİDEO

Pekin, 10 yanvar, AZƏRTAC
Çinin iri şəhərlərindən olan Tiencində 41 nəfərin COVID-19 virusuna, onlardan 2 nəfərin isə “omikron” ştamına yoluxması aşkarlandıqdan sonra şəhərdə sakinlər kütləvi şəkildə koronavirus testindən keçiriliblər. Yoluxanların yarısı universitet tələbəsi və məktəblidir.
AZƏRTAC şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, indiyədək 9,6 milyon nəfər test verib. Onlardan 3,4 milyonun cavabı bilinib. Yoluxanlarla yaxın təmasda olan 1152 nəfər və onlarla təmasda olan 685 nəfər karantinə cəlb olunub. Bundan başqa, yoluxmaların aşkarlandığı məhəllələrin təxminən 75 min sakininə evdən çıxmağa icazə verilmir. Narahatlıq doğuran məqamlardan biri isə Çində ilk dəfə daxili ötürülmə yolu ilə 2 nəfərin “omikron” ştamına yoluxmasının qeydə alınmasıdır. Bundan əvvəl yalnız xaricdən gələn bir neçə nəfərdə “omikron” aşkarlanmışdı.
Şəhər rəhbərliyi yaranmış vəziyyətlə əlaqədar təcili tədbirlər görməyə başlayıb. Qapalı məhəllələrin sakinlərinə ərzaq və gündəlik tələbat malları ilə təminatı üçün xüsusi qruplar ayrılıb.
Epidemioloqlar təxminən 14 milyon əhalisi olan Tiencindəki vəziyyəti Çinin “omikron”la ilk mübarizəsi kimi dəyərləndirilər. “Omikron”a yoluxmuş 2 nəfərin son günlər şəhəri tərk etmədiyi bildirilir. Bundan başqa, Tiencinin növbəti Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək paytaxt Pekinə yaxın olması da narahatlıq doğurur. Sakinlərə şəhəri tərk etməmək tövsiyə olunub. Təcili səbəblərdən şəhərdən çıxmalı olanlar isə koronavirus testinin neqativ nəticəsini təqdim etməlidirlər.
Tiencin metrosunun 2 xəttində qatarların hərəkəti dayandırılıb, hava limanında isə 144 uçuş ləğv olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin