REGİONLAR
Qubada paxlavadan çox sevilən şirniyyat hansıdır? VİDEO












Quba, 18 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qubada hazırlanan şirniyyatlar arasında paxlava daha məşhur olsa da, bükməni seçənlər də az deyil.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bükmə qubalıların daha çox üstünlük verdiyi şirniyyatlardandır. Quba bükməsi və paxlavası çay süfrələrinin əsas bəzəyidir. Rayona gələn qonaqlara adətən bu şirniyyatlar təqdim olunur.
Uzun illərdir paxlava bişirən Əbilfəz Xəlilov bildirib ki, isti-isti yeyilən bükmənin bişirilmə qaydası paxlavaya nisbətən daha sadədir.
“Bükməni bişirmək üçün ilk növbədə, xəmir yoğurulur. Xəmirin tərkibi yalnız un və sudan ibarət olur. Sonra mis sinidə ərişdə adlanan paxlava layları bişirilir. Bükmə hazırlanarkən bir ərişdənin arasına bol qozlu içlik əlavə olunaraq kvadrat formasında bükülür. Bükməni elə sonamın üstündən götürüb isti-isti alıcılara təqdim edirik. Belə daha dalı və yumşaq olur. Quba camaatı paxlavadan çox bükməni sevir”,-deyə paxlavaçı Əbilfəz Xəlilov söyləyib.
İçərisində qozlu içlik daha çox olan bükmənin qiyməti yüksək olur. Bükmənin bir ədədi 1,5-2 manata satılır.
Satıcılar paxlava alanlara bükmə də təklif edir. Tanımayanlar bükmə almağa tərəddüd etsə də dadına baxdıqdan sonra daimi müştəriyə çevrilirlər. Qubalılar qonaq gedəndə özləri ilə paxlava və bükmə hədiyyə aparırlar.
Bükmədən fərqli olaraq paxlavanın hazırlanması uzun çəkir. Bəzən bir sini paxlava üçün iki saatdan çox vaxt sərf olunur.
“Paxlava ilə bükmənin xəmirinin tərkibi eynidir. Mis sinidə bişirilən təxminən 50-yə yaxın ərişdə mis siniyə üyüdülmüş qoz ləpəsi ilə birlikdə düzülür. Ardınca ərişdələr paxlava formasında səliqə ilə doğranaraq üzərinə zəfəranlı boya çəkilir. Paxlavanın estetik görünüşlü olması üçün üzərinə qoz ləpəsi qoyulur, sabit temperaturda 20-30 dəqiqə müddətində bişirilir. Hazırlanma prosesi paxlavanın üzərinə qaynar şərbətin tökülməsi ilə yekunlaşır”, - deyə F.Xəlilov bildirib.
Paxlavanın bir kiloqramı 10 manata satılır. Romb formasında olan bir dilimi isə alıcılara 0,7-1 manata təklif olunur.
Paxlavaçılar bu şirniyyatların Qubanın rəmzlərinə çevrildiyini bildirirlər.