Pekinin bir rayonunun sakinləri kütləvi formada COVID-19 testindən keçirilir VİDEO
Pekin, 24 yanvar, AZƏRTAC
Çinin paytaxtı Pekinin Fentay rayonunda COVID-19 virusu ocağı aşkarlandıqdan sonra sakinlərin kütləvi şəkildə testdən keçirilməsinə başlanılıb.
AZƏRTAC şəhər hökumətinin açıqlamasına istinadla xəbər verir ki, 2 milyon əhalisi olan rayonda 1073 məntəqədə həyata keçirilən test prosesinə 13 mindən çox tibb işçisi cəlb olunub. Rayon sakinlərinə yaşadıqları yerləri tərk etməmək tövsiyə olunub.
Fentayda virusa yoluxmaların aşkarlandığı bir məhəllə yüksək riskli zona elan edilib. Bundan başqa, paytaxtda 2 orta riskli zona da var.
Qeyd edək ki, yanvarın 15-dən bəri Pekində 43 yoluxma aşkarlanıb. Onlardan 6-sı “omikron” ştamına yoluxmalardır. Digər ölkələrlə müqayisədə yoluxma sayı yüksək olmasa da, Pekinin fevralda növbəti Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək olması səlahiyyətli qurumları ciddi narahat edir. Artıq yanvarın 22-dən etibarən Çinin digər şəhər və bölgələrindən Pekinə gələnlər üçün tətbiq olunan qaydalara daha biri əlavə olunub. Belə ki, son 48 saat ərzində verilmiş koronavirus testinin neqativ nəticəsi və sağlamlıq haqqında elektron arayış əsasında Pekinə daxil olan hər bir şəxs 72 saat ərzində təkrar koronavirus testi verməlidir. Bu qayda martın sonunadək qüvvədə olacaq. Əslində paytaxta girişlə bağlı qaydaların sərtləşdirilməsi də Qış Olimpiya Oyunları ilə bağlıdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin