Brüsseldə COVID-19 məhdudiyyətlərinə etiraz olaraq keçirilən nümayişlərdə saxlanılanların sayı 230-a çatıb VİDEO
Bakı, 24 yanvar, AZƏRTAC
Belçikanın paytaxtı Brüsseldə təxminən 70 min nəfərin iştirakı ilə COVID-19 məhdudiyyətlərinə etiraz olaraq keçirilən nümayişlərdə saxlanılanların sayı 230-a çatıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Annelies Verlinden məlumat verib. Nazir bildirib ki, polis hazırda digər nümayişçiləri müəyyən etmək üçün videogörüntüləri təhlil edir. Etirazların zorakılıqla müşayiət olunmasını “tamamilə qəbuledilməz” kimi xarakterizə edən Verlinden nümayişə qatılanların müxtəlif siyasi qrupları təmsil etdiklərini, o cümlədən ifrat solçu, ifrat sağçı, eləcə də digər ölkələrdən olduqlarını qeyd edib. Nümayişçilər arasında bir qrup tərəfindən hücuma məruz qalan Aİ-nin Xarici Əlaqələr Xidmətinin binasına da ciddi ziyan dəyib. Binanın pəncərələri sınıb, girişi yararsız hala düşüb.