Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

1 və 2 nömrəli Ailə tipli kiçik qrup evlərinin və uşaq evi sosial xidmət müəssisələrinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.11-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan 1 və 2 nömrəli Ailə tipli kiçik qrup evləri, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı şəhəri üzrə Nizami rayonu 1 nömrəli uşaq evi, Suraxanı rayonu 2 nömrəli uşaq evi, Xətai rayonu 3 nömrəli uşaq evi, Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Gəncə şəhər məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün qarışıq tipli uşaq evi, Şəki Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Şəki şəhər qarışıq tipli uşaq evi, Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Osman Mirzəyev adına qarışıq tipli uşaq evi sosial xidmət müəssisələri ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

2.1. bu Qərarın 1-ci hissəsinə əsasən Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilmiş sosial xidmət müəssisələrinin əsasında Sosial Xidmətlər Agentliyinin tabeliyində müvafiq publik hüquqi şəxslərin yaradılması üçün iki ay müddətində zəruri tədbirlər görülməsini təmin etsin;

2.2. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Gəncə Şəhər İcra Hakimiyyəti, Şəki Şəhər İcra Hakimiyyəti və Lənkəran Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etsinlər.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 dekabr 2023-cü il

№ 436

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin