İDMAN
“2003-CÜ İLİN ƏN YAXŞILARI”
Mərasim iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Prezident Heydər Əliyevin xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.
Sonra sorğunun nəticələri elan olunmuşdur.
Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə gimnastikanın inkişafında, 2003-cü ildə Bakıda Dünya kuboku yarışlarının uğurla keçirilməsində xidmətlərinə, paytaxtımızın 2005-ci il dünya çempionatının keçiriləcəyi yer kimi seçilməsinə göstərdiyi köməyə görə mükafata layiq görülmüşdür.
Sonra aşağıdakı nominasiyalar üzrə laureatlar elan edilmişlər: “İlin ən yaxşı idmançısı” - boks üzrə dünya çempionu Ağası Məmmədov, “İlin məşqçisi” - sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi Yaqub Məmmədov, “İlin komandası” - yığma qadın voleybol komandası, “İlin futbolçusu” - ölkə yığmasının oyunçusu Qurban Qurbanov, “İlin centlmeni” - futbolçu Bəxtiyar Musayev, “İlin idman xadimi” - gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, “İlin hakimi” - FİDE-nin hakimi Faiq Həsənov.
Gənclər, idman və turizm naziri Ə.Qarayev mərasimdə çıxış edərək bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçildikdən sonra ölkənin idman həyatında böyük dəyişikliklər baş vermişdir. İdman federasiyaları arasında yaxşı əlaqələr yaradılmışdır. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq idmançılarımızın 2000-ci il Olimpiya oyunlarında iki qızıl və bir bürünc medal qazanmasını görülən işlərin uğurlu yekunu kimi qiymətləndirmək olar. Nazir xatırlatmışdır ki, ötən il idmançılarımız müxtəlif beynəlxalq yarışlarda 188 medal – 64 qızıl, 54 gümüş, 70 bürünc mükafat qazanmışlar ki, bunların da 74-ü olimpiya idman növlərinin payına düşür. Azərbaycan idmançıları bu ilin yayında keçiriləcək Olimpiya oyunlarına indiyədək 20 lisenziya qazanmışlar.
Sonda laureatlar çıxış edərək, Azərbaycan Prezidenti, MOK prezidenti İlham Əliyevə idmançılara göstərdiyi daimi diqqət və qayğıya görə təşəkkürlərini bildirmişlər.
Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviköz iştirak etmişdir.