İQTİSADİYYAT
2010-cu ildə Azərbaycan iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulmuşdur
Bakı, 15 yanvar (AZƏRTAC). Yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirmişdir ki, 2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulmuşdur.
Daxili investisiyaların xarici investisiyaları üstələdiyini vurğulayan dövlətimizin başçısı qeyd etmişdir ki, bu, həm dövlət tərəfindən, həm də özəl sektor tərəfindən ölkə iqtisadiyyatına böyük məbləğdə investisiyalar qoyulmasının göstəricisidir.
Qeyri-neft sektoruna qoyulan investisiyaların neft sektorundakından çox olduğunu diqqətə çatdıran Prezident bildirmişdir ki, 15,5 milyard dollardan 9,3 milyard dolları qeyri-neft sektoruna qoyulan sərmayədir. Bu da bizim siyasətimizin əsas istiqamətidir.