Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2010-cu ildə formalaşmış seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın tərkibində dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 16/61 saylı 03 avqust 2010-cu il tarixli Qərarı ilə formalaşmış və 3/12 saylı 11 aprel 2013-cü il tarixli Qərarı ilə tərkibində dəyişiklik edilmiş “Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya”nın tərkibində yeni dəyişikliklər zərurəti yaranmışdır.

Belə ki, yuxarıda qeyd edilən komissiyanın tərkibinə daxil olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci il tarixli fərmanı ilə ləğv edilmiş, funksiyaları digər dövlət orqanları arasında bölüşdürülərək aidiyyəti səlahiyyətlər Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə həvalə edilmişdir. Ona görə də həmin komissiyanın tərkibində müvafiq dəyişikliklər edilməlidir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 29.6-cı maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən 16/61 saylı 03 avqust 2010-cu il tarixli Qərarı ilə yaradılan və hazırda fəaliyyətdə olan “Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya”nın tərkibində dəyişiklik edilərək “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” “Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi” ilə əvəz edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr                   Məzahir Pənahov

Katib                  Arifə Muxtarova

Katib                  Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin