İQTİSADİYYAT
2010-cu ilədək ümumi gücü 2 min 500 meqavat olan 600 transformator quraşdırılmışdır
Bakı, 7 aprel (AZƏRTAC). “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət proqramı”nın uğurla həyata keçirilməsi iqtisadiyyatın hərəkətverici qüvvəsi olan elektrik enerjisi sistemində də böyük nailiyyətlərin əldə olunmasına geniş imkanlar yaratmışdır. Dövlət Proqramına uyğun olaraq, 2015-ci ilədək yanacaq-enerji resurslarına tələbatın tam ödənilməsi, bu sahənin yenidən qurulması, müasir avadanlıqla təchizi, modernləşdirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev bildirmişdir. O demişdir ki, ASC üzrə 2015-ci ilədək uzunmüddətli və 2008-ci ilədək yaxın müddətli proqramlar müəyyən olunmuşdur. İşlər qrafikə uyğun davam etdirilir. 2005-ci ilin əvvəlindən yardımçı stansiyalarda artıq yüklənmə rejimində işləyən transformatorlar daha güclüləri ilə əvəz edilmiş, blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilmişdir.
Ümumiyyətlə, 2010-cu ilədək ümumi gücü 2 min 500 meqavat olan 600 transformator quraşdırılmış və uzunluğu 30 min kilometrdən artıq elektrik ötürmə xətləri istifadəyə verilmişdir.