DÜNYA
2012-ci il üçün Şərq ulduz falı
OĞLAQLARIN həyatında Yeni ildə çox xoş və səmərəli bir dövr başlayır. 2012-ci ildə planlaşdırdığınız bütün işlər çox az vaxt itkisi və zəhmətlə həyata keçəcəkdir. Əjdaha ilinə ictimai və peşəkar statusunuzun artması istiqamətində irəlilədiyiniz yolun mühüm mərhələsi kimi baxmaq olar.
DOLÇALARA 2012-ci il nadir fürsətlər verəcəkdir. Bu imkanlar maddi durumunuzu yaxşılaşdırmağa şərait yaradacaqdır. Səma cisimlərinin düzümü karyera pillələri ilə sürətlə irəliləməyinizə, müvafiq olaraq gəlirlərinizin xeyli artmasına rəvac verir. Bu il, həmçinin daşınmaz əmlakla bağlı problemləri həll edəcəksiniz.
BALIQLAR yeni ildə təhsildə uğur qazanacaqlar. Bu il ixtisasınızı və peşəkarlıq səviyyənizi artırmaq üçün əvəzsizdir. Tədrisə nə qədər tez başlasanız, bir o qədər yaxşıdır. İkinci ali təhsil almaq fikrinə düşə bilərsiniz. Əgər heç ali təhsiliniz yoxdursa, bu barədə düşünməyə dəyər. Təfəkkürünüzü yaxşıca işlətmək üçün mixək, hil və istiot kimi ədvalardan bol-bol istifadə edin.
QOÇLAR üçün 2012-ci il son vaxtlar həyatlarında və karyeralarında başlanmış böyük dəyişikliklərin davamı olacaqdır. Əvvəlki illərə nisbətən 2011-ci ilin bu bürcün nümayəndələri üçün daha uğurlu olacağına baxmayaraq, problemlərin asanlıqla həll ediləcəyinə ümid bəsləməyə dəyməz. Onların həlli üçün sizdən böyük səbir və nizam-intizam tələb olunacaqdır.
BUĞALAR bu il başlıca məqsədlərinə aparan yolu dəqiq cızmalıdırlar, çünki bu yolda müvəffəqiyyətlə irəliləmək şansınız yüksəkdir. Gərgin və məqsədyönlü zəhmət sayəsində planlaşdırdığınız istənilən nəticəyə nail olacaqsınız. Bunun üçün özünüzə etibarlı dostlar və müttəfiqlər seçin. Onların zəngin həyat təcrübəsi çox faydalı olacaqdır.
ƏKİZLƏR 2012-ci ildə karyera uğurları qazanacaqlar, hərçənd sürətli yüksəliş ümidləriniz puça çıxacaqdır. Siz uğurlarınızı yavaş-yavaş, pillə-pillə əldə edəcəksiniz. Bu il, həmçinin pul qazanmaq, uzaq perspektivə tuşlanmış yaxşı işgüzar əlaqələr qurmaq baxımından da əlverişli olacaqdır.
XƏRÇƏNGLƏRƏ bu il yaxşı pul qazanmaq və son aylar onları təqib edən maddi problemləri yerindəcə həll etmək imkanı verəcəkdir. Siz gərgin işlədiyiniz bütün illər ərzində maddi zəmində əsla xəyal edə bilmədiyiniz nəticələrə nail ola bilərsiniz. Maddi imkanlarınızın artması sayəsində evlə bağlı bir sıra problemləri həll edəcəksiniz. Gərək ki, evinizi təmir etmək, mebelinizi təzələmək istəyirdiniz.
ŞİRLƏRƏ bu il işlə bağlı ideyalarını reallaşdırmaq və peşəkarlıq səviyyəsini artırmaq imkanı verəcəkdir. Gələcəyə cəsarətlə baxın. Öz münasibətinizi nümayiş etdirməkdən, fikrinizi söyləməkdən çəkinməyin. Sözləriniz və hərəkətləriniz nüfuzunuzu qat-qat artıracaqdır. Bu dövrdə itirdiyiniz dostluq əlaqələrini bərpa edəcək, umu-küsüləri aradan qaldıracaqsınız.
QIZLAR 2012-ci ildə bütün niyyətlərini asanlıqla və çevik həyata keçirəcəklər. Ailəniz bütün təşəbbüslərinizi dəstəkləyəcəkdir. Siz vaxt itirmədən dərhal bir vaxtlar müəyyən səbəblərdən müşkül saydığınız məsələləri həll etməyə başlamalısınız. Bu il sizin ilinizdir. Odur ki, sizin üçün qeyri-mümkün olan heç nə yoxdur. Bu il alış-veriş zamanı “az olsun, təmiz olsun” sözləri başlıca şüarınız olmalıdır. Aldıqlarınızın keyfiyyətinə diqqət edin ki, uzun müddət sizə xidmət etsin.
TƏRƏZİLƏRİ bu il bütün fəaliyyət sahələrində müsbət meyillər gözləyir. Siz çoxdan düşündüyünüz planları, o cümlədən təhsil və ixtisas artırılması ilə bağlı niyyətlərinizi cəsarətlə həyata keçirə bilərsiniz. İstənilən məsələnin həllində ən böyük dəstəyi qohumlarınızdan alacaqsınız. Onların köməyi ilə yeni ildə çox parlaq nəticələrə nail olacaqsınız. Yaddaqalan təəssüratlar uzun müddət həyatınızı rövnəqləndirəcəkdir.
ƏQRƏBLƏR 2012-ci ilin əvvəlində yeni layihələrə başlamağa tələsməlidirlər. İlin ilk aylarında diqqətinizi cari işlərə və məsələlərə yönəldin. Çox güman, macal tapıb 2011-ci ildə bitirə bilmədiyiniz işləri bu il tamamlamalı olacaqsınız. Bu il son bir neçə ildə ailənizdə ən ahəngdar münasibətlər yaranacaq, həyat eşqiniz coşacaqdır.
OXATANLAR bu il qarşılarına qoyduqları bir çox vəzifələrin öhdəsindən mükəmməl gələcəklər. 2012-ci ilin elə ilk günlərində özünüzü gözəl fiziki formada olduğunuzu və enerjinizin qat-qat artdığını hiss edəcəksiniz. Bu il sizə ailənizin mühüm planlarını həyata keçirmək imkanı verəcəkdir. Şübhə etməyin ki, uğur ilboyu sizi müşayiət edəcəkdir.