DÜNYA
2012-ci ildə astronomiya üzrə Kraford mükafatı ABŞ və Almaniya alimlərinə verilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). 2012-ci ildə astronomiya üzrə İsveçin Beynəlxalq Kraford mükafatı Kaliforniya Universitetinin alimi Andrea Gez (Andrea Ghez) və Maks Plank adına Yerdənkənar Fizika İnstitutunun (Almaniya) tədqiqatçısı Reynhard Gentselə verilmişdir. Onlar bu mükafata Qalaktikanın mərkəzi ətrafında fırlanan və ifrat böyük ölçülü qara dəliyin mövcud olmasını göstərən ulduzların müşahidəsi ilə bağlı işlərinə görə layiq görülmüşlər. İsveç Kral Elmlər Akademiyasının mükafatlar üzrə komitəsi laureatların adını yanvarın 19-da səhər Stokholmda elan etmişdir.
Komitənin mətbuat üçün məlumatında bildirilir ki, mükafata layiq görülənlər ifrat böyük ölçülü qara dəliyin mövcud olmasını inandırıcı şəkildə sübut etmişlər. Gentsel və Gez Kəhkəşanın mərkəzi ətrafında ulduzların hərəkətini onilliklər boyu öz həmkarları ilə birlikdə müşahidə etmiş və bir-birindən asılı olmadan eyni nəticəyə gəlmişlər: bizim Qalaktikanın mərkəzinin - Kəhkəşanın ortasında nəhəng ölçülü qara dəlik vardır.
Almaniya vətəndaşı Reynhard Gentselin 59, Amerika vətəndaşı Andrea Gezin 46 yaşı vardır.
Mükafatın təqdim edilməsi mərasimi mayın 15-də İsveçin cənubundakı Lunda şəhərində keçiriləcəkdir.
Kraford mükafatı 1980-ci ildə isveçli iqtisadçı və sənayeçi Xolqer Kraford və onun xanımı Anna-Qreta tərəfindən təsis edilmişdir. Bu mükafat 1982-ci ildən başlayaraq hər il növbə ilə astronomiya və riyaziyyat, yer haqqında elmlər, biologiya elmləri (ekologiya aspektində), habelə poliartrit xəstəliklərinin öyrənilməsi sahəsində nailiyyətlərə görə verilir.
2011-ci ildə Kraford mükafatı biologiya elmləri sahəsində araşdırmalara görə Helsinki Universitetinin zoologiya üzrə professoru İlkka Xanskiyə təqdim edilmişdir.
Sadalanan bütün mükafatların maddi tərəfi 4 milyon İsveç kronuna (400 min avro) bərabərdir. 2012-ci ildə ilk dəfə olaraq riyaziyyat və astronomiya sahəsində mükafatın məbləği ikiqat artırılaraq 8 milyon İsveç kronuna çatdırılmışdır. Bu məbləğ iki müstəqil mükafat şəklində veriləcək və eyni vaxtda təqdim ediləcəkdir.
Xolqer Kraford (1908-1982) “Gambro” Səhmdar Cəmiyyətinin (1964) təsisçilərindən biridir. Bu müəssisə isveçli tibb elmləri professoru Nils Alval tərəfindən yaradılmış süni böyrəklərin kommersiya məqsədi ilə istehsalına başlamış və onu inkişaf etdirmişdir.
İsveç Kral Elmlər Akademiyası 1739-cu ildə yaradılmışdır. Bu müstəqil təşkilatın vəzifəsi elmlərin inkişafına, onların cəmiyyətdə yerinin və rolunun möhkəmlənməsinə kömək etməkdir. Akademiyanın təqdim etdiyi ən məşhur mükafatlar kimya və fizika sahəsində Nobel mükafatları və iqtisadiyyat sahəsində Alfred Nobelin xatirəsinə həsr edilmiş mükafatdır.