DÜNYA
2012-ci ilin iyununda Romada İtaliyanın ən böyük okeanariumu açılacaqdır
Bakı, 25 yanvar (AZƏRTAC). La Repubblica nəşri xəbər verir ki, 2012-ci ilin iyununda Apennin yarımadasında açılacaq Sea Life akvariumu bir növ okeanda tunel olacaqdır.
Okeanarium Romada ümumdünya sərgisinin yerləşdiyi məhəllədə süni gölün altında tikiləcəkdir.
Orada 100-dən çox müxtəlif növ dəniz faunasının təqribən beş min nümayəndəsi yaşayacaqdır. Onlar ümumi həcmi bir milyon litrdən çox olan 30 akvariumda və rezervuarda yerləşdiriləcəkdir. Ekzotik ekspozisiya Roma ekspozisiya mərkəzi zonasında -İtaliya paytaxtının kənarında, ənənəvi turist marşrutlarından uzaqda yerləşən rayonda 14 min kvadratmetrlik sahədə yaradılacaqdır.
Xəbərdə deyilir ki, yeni okeanarium ölçülərinə görə Genuyadakı eyni tipli obyekti geridə qoyacaqdır. Həmin obyekt hələ də İtaliyada ən böyük, Avropada isə böyüklüyünə görə ikinci okeanarium hesab olunur.
Merlin Entertainments Group Italia şirkəti bütün dünyada Sea Life brendi ilə artıq 26 obyekt tikmişdir. Şirkətin baş direktoru Aldo Vicevani əmin edir ki, yeni okeanariuma gələnlər özlərini lap dənizin dibində hiss edəcəklər. Orada insanlar nəinki dənizin flora və faunası ilə ünsiyyətdən zövq alacaq, həm də bu sirli biosferanın qorunub saxlanmasının nə qədər vacib olduğunu dərk edəcəklər.
Romadakı Sea Life iki zonaya bölünəcəkdir. Süni gölün altında yerləşən birinci zona əsas ekspozisiyaya veriləcəkdir. Burada başlıca obyekt şəffaf tunel olacaqdır. Tuneldən keçənlər köpək balıqlarını, yırtıcı balıqları və digər heyvanları, əslində onların yaşadığı real mühiti görə biləcəklər. Ekspozisiyanın bu hissəsində gəzintinin təqribən 90 dəqiqə vaxt aparması nəzərdə tutulur.
İkinci zona müxtəlif sərgilər və 4D formatında filmlər göstərmək üçün tamaşa salonu olan təlim-maarifçilik tədbirləri üçün ayrılacaqdır. Sualtı arxeologiyaya xüsusi ekspozisiya həsr olunacaqdır.
Layihənin dəyəri 15 milyon avrodur, lakin daha təqribən 65 milyon konqreslər, muzey, ticarət məntəqələri, restoranlar və 700 avtomobillik dayanacaq üçün zonaların hazırlanmasına ayrılacaqdır.
Romanın meri Canni Alemano yeni paytaxt obyektinin perspektivlərini yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, Sea Life sayəsində bu zona şəhərin görməli yerlərindən birinə çevriləcəkdir.