Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Ədalət Partiyası tərəfindən irəli sürülmüş İlyas Abbas oğlu İsmayılovun namizədliyinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Ədalət Partiyası V Qurultayının 2013-cü il 18 avqust tarixli iclasının 3.1 saylı qərarı ilə 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Ədalət Partiyasının sədri İlyas Abbas oğlu İsmayılovun namizədliyi irəli sürülmüşdür.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2013-cü il avqustun 19-da partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56 və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 52 və 54-cü maddələrinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Ədalət Partiyası tərəfindən irəli sürülmüş İlyas Abbas oğlu İsmayılovun namizədliyi təsdiq edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin