DÜNYA
2013-cü ildə təqdim ediləcək “Grammy” mükafatının nominantları bəlli olmuşdur
Bakı, 13 dekabr (AZƏRTAC). Gələn il fevralın 10-da Los-Ancelesdə gerçəkləşəcək ən böyük musiqi mükafatı-“Grammy”nin nominantları bəlli olmuşdur.
ABŞ-ın Naşvill şəhərində bununla bağlı mərasim keçirilmişdir. Fun, Cey Zi, Kanye Vest, Frenk Ouşen, The Blək Kiz və başqaları ilin əsas favoritləri seçilmişlər. Mərasimin aparıcılığı bu dəfə məşhur telejurnalist LL Cool Jay və Kantri ulduz Teylor Sviftə həvalə olunmuşdur. İlk musiqi payı isə alternativ rok janrının ən uğurlu təmsilçisi Fun qrupundan gəlmişdir.
Sonra söz yenidən aparıcılara verilmişdir. “İlin albomu” nominasiyasında The Black Keys, Fun, Mumford and Sons, Frank Ocean və Jack Vhite mübarizə aparacaqlar. Rok, alternativ, indi rok və dabstep janrlarında təmsil olunan ifaçıların hər birinin bu il çıxardığı albomlar qızıl və platin status adını qazanmışdır. Sonra səhnəyə milyonların sevimlisi Maroon 5 çıxmışdır. Ötən ilin əsas hiti sayılan və Cristina Aguilera ilə birgə oxunan “Moves like jagger” sinqlı tamaşaçıların ixtiyarına verilmişdir. Gənc ifaçı Cheryl Crov “ilin rekord mahnısı” nominasiyasını təqdim etmişdir. The Black Keys “Lonely boy”, Kelly Clarkson “Stronger”, Fun “Ve are young”, avstraliyali ifaçi Gotyenin “Somebody that İ used to knov”, Frenk Ouşen “Thinking about you” və Teylor Sviftin “Ve are never ever back together” sinqlləri bu kateqoriyada təmsil olunacaqdır. R en B ulduz Ne Yo bu dəfə də ifası ilə yadda qalmağı bacarmışdır. Müğənni “İlin ən yaxşı r en b kişi ifaçısı” nominasiyasında “Grammy”yə iddialıdır.
Sıra “İlin debüt ifaçısı” kateqoriyasına gəlmişdir. Nominasiya isə kantri qrup Little big Tovn tərəfindən açıqlanmışdır. Bu kateqoriyada bluz rok qrup Alabama Shakes, kantri ifaçı Hunter Hayes, folk rok qrup The Lumineers, kantri trio Fun və Frenk Ouşenlə mübarizə aparacaqdır.
“İlin ən yaxşı pop vokal albomu” nominasiyası isə tam fərqli şəkildə açıqlanmışdır. Gənc ifaçı Hunter Hayes 5 nominantın hər birinin mahnısını akustik gitaranın müşaiyəti ilə səsləndirmişdir. Bu nominasiya üzrə Kelly Clarkson, Maroon 5, Pink, Florence and the machine və yenə də Fun qrupunun adı açıqlanmışdır. “Grammy”nin nominantlarının açıqlanması mərasimi kantri trio The Band Perrinin ifası ilə yekunlaşmışdır.