İQTİSADİYYAT
2013-cü ildə Yevlaxda genişzolaqlı internet istifadəçilərinin sayı iki dəfə artmışdır
Yevlax, 11 yanvar (AZƏRTAC). Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” olan 2013-cü il Yevlax rayonunda bu sahənin inkişafı ilə əlamətdar olmuşdur.
Rayon telekommunikasiya qovşağından AZƏRTAC-a bildirmişlər ki, hazırda rayonda 15 min 600 nömrə tutumu olan 2 mərkəzi və 22 kənd Avtomat Telefon Stansiyası (ATS) fəaliyyət göstərir. Onların hamısı elektron tipli ATS-lərdir.
2013-cü ildə rayonun İrəvanlı kəndində yeni elektron ATS tikilmiş, genişzolaqlı internet istifadəçilərinə yüksək keyfiyyətli, dayanıqlı internet xidmətləri göstərmək məqsədilə “Aztelekom.net” İnternet Server Provayderinin Yevlax telekommunikasiya qovşağında yaradılmış regional alternativ provayder mərkəzi istifadəyə verilmişdir.
İl ərzində 12 kənd elektron ATS-ində DSLAM avadanlıqları quraşdırılmışdır. Hazırda Yevlax şəhərində 2, kəndlərdə isə 18 elektron ATS-də DSLAM avadanlığı fəaliyyət göstərir. Genişzolaqlı internet istifadəçilərinin sayı əvvəlki illə müqayisədə 2 dəfə artaraq 3700-ə çatmışdır.