İQTİSADİYYAT
İtaliya saytı Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən yazıb
Roma, 15 fevral, AZƏRTAC
İtaliyanın “Geopolitica.info” saytında Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən və bu layihənin regional əlaqələrə müsbət təsirindən bəhs edən yazı dərc olunub.
AZƏRTAC xəbər verir ki, geosiyasət, təhlükəsizlik və beynəlxalq hüquq üzrə ixtisaslaşmış analitik Simona Skottinin müəllifi olduğu “Qafqazda regional əlaqə və Zəngəzur dəhlizinin strateji əhəmiyyəti” adlı məqalədə 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan Bəyanatın 9-cu bəndində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edildiyi bildirilir. Həmçinin Ermənistanın vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verdiyi vurğulanır. Bundan başqa, 2021-ci il yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli Bəyannamə imzalanıb.
Yazıda Azərbaycan və Ermənistan rəhbərlərinin ikitərəfli münasibətlərin normallaşması prosesinə başlamaq niyyətlərini dəfələrlə bəyan etdikləri vurğulanır. Bildirilir ki, regionda vəziyyət getdikcə sabitləşir, regionun geoiqtisadi aktuallığı daha da artır, qarşılıqlı əlaqənin bərpası bir neçə dəhlizin inkişafı üçün yeni stimul yaradır. Zəngəzur dəhlizi adlanan nəqliyyat dəhlizi isə Azərbaycana Ermənistan, Türkiyə və İranla sərhəddə yerləşən Naxçıvan Muxtar Respublikasına sərbəst çıxış imkanı verəcək. Zəngəzur dəhlizi nəqliyyat dəhlizinin keçdiyi regionların iqtisadi və sosial inkişafına da mühüm təsir göstərəcək. Zəngəzur dəhlizinin işə düşməsi bütün türk dünyasını daha qısa yolla Azərbaycan üzərindən Türkiyə ilə birləşdirməyə imkan yaradacaq. Eləcə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında ticari-iqtisadi əməkdaşlığın daha da inkişafına səbəb olacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Rom