Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2014-cü il tarixli 36 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 75 saylı Lənkəran-Masallı seçki dairəsinin 29 saylı seçki məntəqəsi üzrə müşahidəçi Qurbanov İlham Rzabala oğlu 2014-cü il dekabrın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, həmin seçki dairəsinin 29 saylı seçki məntəqəsinin sədri tərəfindən səsvermənin nəticələri haqqında protokolun surətini ona təqdim etməkdən imtina edildiyini bildirmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

1. 75 saylı Lənkəran-Masallı seçki dairəsinin 29 saylı seçki məntəqəsi üzrə müşahidəçi Qurbanov İlham Rzabala oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2014-cü il tarixli 36 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə 75 saylı Lənkəran-Masallı seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                                                        Məzahir Pənahov

Katib                                                       Arifə Muxtarova

Katib                                                       Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin