DÜNYA
2014-cü ilədək Ukraynada kənd təsərrüfatı məhsulları ixracının həcmi 22 milyard dollara çatacaqdır
Kiyev, 15 mart (AZƏRTAC). 2014-cü ilədək Ukraynanın kənd təsərrüfatı məhsulları ixracının həcmi 22 milyard ABŞ dollarına çatmalıdır ki, bu da aqrar sənaye kompleksi məhsullarının xarici ticarət saldosunun artmasına kömək edəcəkdir.
Bunu Ukrayna Baş nazirinin birinci müavini Sergey Arbuzov bəyan etmişdir.
S.Arbuzov demişdir ki, 2010-2012-ci illərdə aqrar kompleks dövlətin ərzaq təhlükəsizliyini təmin etmiş, istehsalın həcmini və onun ixracat potensialını artırmışdır. Hazırda bu sahənin qarşısında 2013-2014-cü illərdə iqtisadiyyatın inkişafının fəallaşdırılması üzrə Dövlət Proqramında həlli nəzərdə tutulan bir sıra vacib məsələlər durur. Xüsusilə proqnozlaşdırılır ki, proqramın icra edilməsi sayəsində 2012-2014-cü illərdə kənd təsərrüfatı məhsulları ixracının həcmi artaraq ildə 22 milyard dollara çatacaqdır.
Baş nazirin birinci müavini xatırlatmışdır ki, aqrar məhsullar Ukraynanın xarici ticarətinin ümumi həcminin böyük hissəsini təşkil edir. Kənd təsərrüfatı isə hazırda Ukrayna iqtisadiyyatının xarici ticarətdə müsbət saldoya malik yeganə sahəsidir.
S.Arbuzov onu da qeyd etmişdir ki, Ukrayna kənd təsərrüfatı məhsulları ixracının coğrafiyasını genişləndirmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev