SİYASƏT
2017-ci il MDB-də Vətən Müdafiəçisi İli elan edilmişdir
Minsk, 5 iyun (AZƏRTAC). AZƏRTAC-ın verdiyi xəbərə görə, bu gün Belarusun paytaxtında MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının (MNŞ) iclası keçirilir.
İyunun 5-də Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun sədrliyi ilə Birliyin iştirakçısı olan dövlətlərin MNŞ-nin 64-cü iclası olmuşdur. İclasın işində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna və Ermənistanın müdafiə idarələrinin nümayəndə heyətləri iştirak etmişlər. Gündəlik üzrə Birlik dövlətlərinin müdafiə nazirliklərinin çoxtərəfli birgə hərbi fəaliyyətinin müxtəlif istiqamətlərinə dair 20-dən çox məsələ müzakirə edilmişdir.
Tərəflər Birliyə üzv dövlətlərin milli və birgə təhlükəsizliyinin təmin olunmasında hərbi işin yüksək əhəmiyyətini nəzərə alaraq 2017-ci ilin Müstəqil Dövlətlər Birliyində Vətən Müdafiəçisi İli elan olunması barədə katibliyin təklifini bəyənmişlər. Bu barədə bu gün RF-nin müdafiə naziri Sergey Şoyqu jurnalistlərə məlumat vermişdir.
Rusiya müdafiə idarəsinin başçısı həmçinin bildirmişdir ki, qoşunların Əfqanıstandan çıxarılmasının 25 illiyi ilə əlaqədar medal təsis etmək planlaşdırılır.
Bu gün MNŞ-nin iclasında MDB dövlətləri hərbi idarələrinin başçıları hərbi sahədə inteqrasiya proseslərinin inkişafının vacibliyini və aktuallığını nəzərə alaraq 2014-cü il üçün Birlik ölkələrinin silahlı qüvvələrinin birgə tədbirlər planını təsdiq etmişlər. Bu barədə Belarus Respublikasının müdafiə naziri Yuri Jadobin jurnalistlərə məlumat vermişdir.
Nazir demişdir ki, hərbi əməkdaşlığı dərinləşdirmək üçün hərbi təyinatlı peyk rabitəsi sistemlərindən istifadə olunması və onların daha da təkmilləşdirilməsi haqqında 1993-cü il 12 mart tarixli sazişdə dəyişikliklər edilməsi, minalardan humanitar təmizləmə sahəsində MDB dövlətləri silahlı qüvvələrinin mühəndis qoşunlarının birgə fəaliyyəti haqqında saziş layihəsi barədə məsələlər də müzakirə olunacaqdır.
İclasda həmçinin silahlı qüvvələrin humanitar əməkdaşlığı sahəsində bir sıra məsələlər nəzərdən keçiriləcəkdir ki, bu da MDB-nin inkişaf prioritetlərinə və hər bir dövlətin milli mənafeyinə tamamilə uyğundur.
MDB-nin iştirakçısı olan dövlətlərin hava hücumundan müdafiə üzrə birləşmiş sisteminin daha da inkişaf etdirilməsi çərçivəsində və Rusiya Silahlı Qüvvələrində Kosmik hava hücumundan müdafiə qoşunlarının yaradılması ilə əlaqədar olaraq hərbi idarələrin başçıları MDB MNŞ yanında Hava hücumundan müdafiə məsələləri üzrə əlaqələndirmə komitəsi haqqında əsasnamənin yeni redaksiyasını və 2014-cü ildə birləşmiş sistemin təkmilləşdirilməsinin maliyyələşdirilməsi məsələsini razılaşdırmışlar.
MDB MNŞ-nin iclasında 2012-ci ildə Birliyə üzv dövlətlərin hərbi qüvvələri aviasiyasının uçuşlarının təhlükəsizliyi təhlil olunmuşdur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk