Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 99.1 - 99.4-cü və 199-cu maddələrinin tələbinə görə, seçki bülletenlərinin mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən geci 35 gün qalmış təsdiq edilməli, qeydə alınmış seçicilərin sayından 3 faizdən artıq olmamaq şərtilə səsvermə gününə ən azı 10 gün qalmış Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin müşahidəsi altında müvafiq qaydada hazırlanmalıdır.

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində istifadə ediləcək seçki bülletenləri ilə əlaqədar yuxarıda göstərilən qayda və şərtlər əsas götürülməli, mövcud seçki dairələri üzrə həmin bülletenlərin bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnməli, namizədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşdirilməli, qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda - fəaliyyət növü), onları irəli sürmüş subyektlərin adı, siyasi partiyalar (siyasi partiya blokları) tərəfindən namizədliyi irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülən qeydə alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti göstərilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü, 99-cu və 199-cu maddələrinə uyğun olaraq qərara alır:

1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində mövcud seçki dairələri üzrə bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnmiş, namizədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşdirilmiş, habelə qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda - fəaliyyət növü), onları irəli sürmüş subyektlərin adı, siyasi partiyalar (siyasi partiya blokları) tərəfindən namizədliyi irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülən qeydə alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti göstərilmiş seçki bülleteninin mətni və forması təsdiq edilsin.

2. Ölkə üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmamaqla, cəmi 5 347 803 (beş milyon üç yüz qırx yeddi min səkkiz yüz üç) ədəd seçki bülleteni Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.

3. Qərarın icrası öz səlahiyyətləri daxilində Mərkəzi Seçki Komissiyasının Katibliyinə və Milli Məclis Aparatının mətbəəsinə həvalə edilsin.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin