Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 25 dekabr 2019-cu il tarixli 17 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 79 saylı İmişli seçki dairəsindən Yalavac bələdiyyəsi üzrə qeydə alınmış namizədlər Məmmədov Hümbət Qoçu oğlu və Cəfərov Habil Əkbər oğlu 25 dekabr 2019-cu ildə teleqramla Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək adı çəkilən seçki dairəsinin 40 və 41 saylı seçki məntəqələri məntəqə seçki komissiyaları tərəfindən qeydə alınmış namizədlərə və müşahidəçilərə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun surətinin verilməsindən imtina etdiklərini, habelə həmin seçki məntəqələrində seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia etmiş, bununla bağlı qanunauyğun tədbirlərin görülməsini xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Həmin Məcəllənin 112-1.12-ci maddəsinə görə müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

1. 79 saylı İmişli seçki dairəsindən Yalavac bələdiyyəsi üzrə qeydə alınmış namizədlər Məmmədov Hümbət Qoçu oğlu və Cəfərov Habil Əkbər oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2019-cu il tarixli 17 saylı müraciət aidiyyəti üzrə araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin