Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 27 dekabr 2019-cu il tarixli 31 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 29 saylı Səbail seçki dairəsindən Bibi-heybət bələdiyyəsi üzrə qeydə alınmış namizədlər Həsənova Səmayə Xanəhməd qızı və digərləri 27 dekabr 2019-cu ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) ərizə ilə müraciət edərək 29 saylı Səbail seçki dairəsinin 32 saylı seçki məntəqəsində səsvermənin nəticələrini mübahisələndirmiş və həmin dairənin 30 saylı seçki məntəqəsində səsvermənin nəticələrinə dair protokolun surətini şikayətə əlavə edərək Bibi-heybət bələdiyyəsinə seçkilərin nəticələrinin ləğv edilməsini xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Namizədlər öz müraciətlərində göstərmişlər ki, səsvermə günü onlar yüksək səs topladığı halda, onlardan az səs toplayan namizədlər bələdiyyəyə üzv seçilmişlər.

Araşdırma prosesində müraciətin araşdırılması müddəti Mərkəzi Seçki Komissiyasının 29 dekabr 2019-cu il tarixli 25/139 saylı qərarı ilə 3 gün müddətinə uzadılmışdır.

29 saylı Səbail seçki dairəsinin Bibi-heybət bələdiyyəsi üzrə 30 və 32 saylı məntəqə seçki komissiyalarının yekun protokolarının araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin protokollar seçki qanunvericiliyinin tələblərinə uyğun tərtib edilmişdir.

Araşdırma nəticəsində şikayətin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyaslna və dairə seçki komissiyalarlna seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci hissələrinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 29 saylı Səbail seçki dairəsindən Bibi-heybət bələdiyyəsi üzrə qeydə alınmış namizəd Həsənova Səmayə Xanəhməd qızı və digərlərinin 27 dekabr 2019-cu il tarixli 31 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr       Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin