Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 30 dekabr 2019-cu il tarixli 49 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 85 saylı Şamaxı seçki dairəsindən Şəhriyar bələdiyyəsi üzrə qeydə alınmış namizəd Hüseynov Natiq Məmməd oğlu 30 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) ərizə ilə müraciət edərək səsvermə günü həmin seçki dairəsinin 12 saylı seçki məntəqəsində qanun pozuntusuna yol verildiyini iddia etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Namizəd öz müraciətində göstərmişdir ki, səsvermənin nəticəsinə uyğun olaraq, ona verilmiş səslər düzgün hesablanmamışdır.

Araşdırma ilə müəyyən edilmişdir ki, şikayətçi N.M.Hüseynov səsvermə günü mübahisələndirdiyi seçki məntəqəsində şəxsən müşahidə aparmamış, onun müşahidə aparmasına hər hansı bir maneənin yaradılması ilə bağlı dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasının qaynar xəttinə məlumat verməmişdir.

Araşdırma ilə səsvermə günü 85 saylı Şamaxı seçki dairəsinin 12 saylı seçki məntəqəsində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış və müəyyən edilmişdir ki, məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair yekun protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Səslərin sayılmasında hər hansı bir pozuntuya yol verilmədiyi onu müşahidə etmiş müşahidəçilər V.S.Cəbiyeva, A.V.Zərbalıyeva, F.F.Mirzəyeva, M.B.Sərxanova, T.G.Şeydayeva, bələdiyyə üzvlüyünə seçilməmiş digər namizədlər C.A.Abasov, A.K.Manafov, E.Ə.Babaşov, həmçinin həmin seçki dairəsi 12 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının sədri R.Ə.Rzai, katibi İ.A.Əliyev, üzvlər Q.T.Əliyev, R.A.Məmmədov, A.T.Balakişiyevin izahatları ilə təsdiq olunur.

Beləliklə, şikayətin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci hissələrinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 85 saylı Şamaxı seçki dairəsindən Şəhriyar bələdiyyəsi üzrə qeydə alınmış namizəd Hüseynov Natiq Məmməd oğlunun 30 dekabr 2019-cu il tarixli 49 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr      Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin