Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 99.1-99.4 və 235-ci maddələrinin tələblərinə görə seçki bülletenlərinin hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (Mərkəzi Seçki Komissiyası) qərarı ilə səsvermə gününə ən azı 35 gün qalmış təsdiq edilməli, səsvermə gününə ən azı 10 gün qalmış qeydə alınmış seçicilərin sayından 3 faizdən artıq olmamaq şərtilə Mərkəzi Seçki Komissiyası nümayəndələrinin müşahidəsi altında müvafiq qaydada hazırlanmalıdır.

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar mövcud bələdiyyələr üzrə bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnmiş, namizədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşdirilmiş, habelə qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, təxəllüsü, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda - fəaliyyət növü), onları irəli sürən subyektlərin adı, siyasi partiyalar, siyasi partiya blokları tərəfindən namizədliyi irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülən qeydə alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti göstərilmiş seçki bülleteninin mətni və forması təsdiq edilməli, ölkə üzrə qeydə alınmış seçicilərin ümumi sayından (məcburi köçkün statusu almış seçicilər istisna edilməklə) 3 faizdən artıq olmamaqla, Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlanmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.11-ci, 28.2-ci, 28.4-cü, 99-cu və 235-ci maddələrinə uyğun olaraq qərara alır:

1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar mövcud bələdiyyələr üzrə bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnmiş, namizədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşdirilmiş, habelə qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, təxəllüsü, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda - fəaliyyət növü), onları irəli sürən subyektlərin adı, siyasi partiyalar, siyasi partiya blokları tərəfindən namizədliyi irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülən qeydə alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti göstərilmiş seçki bülleteninin mətni və forması təsdiq edilsin.

2. Seçki bülletenlərinin sayı cəmi 5 020 287 (beş milyon iyirmi min iki yüz səksən yeddi) ədəd müəyyən edilərək Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.

3. Bu Qərarın icrası öz səlahiyyətləri daxilində Mərkəzi Seçki Komissiyasının Katibliyinə və Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsinə həvalə edilsin.

4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib         Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin