Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.1-100.6-cı maddələrinin tələblərinə görə, səsvermə protokollarının hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (Mərkəzi Seçki Komissiyası) qərarı ilə səsvermə gününə ən geci 45 gün qalmış təsdiq edilməli və həmin protokollar səsvermə gününə ən geci 30 gün qalmış müvafiq qaydada hazırlanmalıdır.

Mərkəzi Seçki Komissiyasının 2014-cü il 29 may tarixli 1/13 və 1/14 saylı qərarları ilə təsdiq edilmiş müvafiq izahlarla Azərbaycan Respublikasında bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin nəticələrinə dair məntəqə və dairə seçki komissiyalarının yekun protokolları nümunələrinin forma və mətni müəyyən olunmuşdur.

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar olaraq səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə, habelə seçki keçirilən bələdiyyələrin sayına müvafiq olaraq dairə seçki komissiyaları üçün və səsvermə təşkil edilən seçki məntəqələrinin sayına uyğun olaraq bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət olmaqla hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında, habelə həmin qurumların hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.11-ci, 28.2-ci, 28.4-cü və 100-cü maddələrinə uyğun olaraq qərara alır:

1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə uyğun olaraq, seçki dairələri üzrə bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət, hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla, seçki keçirilən bələdiyyələrin sayına müvafiq olaraq dairə seçki komissiyaları üçün və səsvermə təşkil edilən seçki məntəqələrinin sayına uyğun olaraq məntəqə seçki komissiyaları üçün, habelə həmin komissiyaların hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində mətbəə üsulu ilə hazırlansın.

2. Bu Qərarın icrası öz səlahiyyətləri daxilində Mərkəzi Seçki Komissiyasının Katibliyinə və Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsinə həvalə edilsin.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin