DÜNYA
2019-cu ilədək xrombukların tədarükü 11 milyon ədədədək artacaqdır
Bakı, 3 aprel (AZƏRTAC). 2013-cü ilin yekunları üzrə xrombukların qlobal tədarük həcmi 2 milyon ədəd təşkil etmişdir. Bu barədə “Digitimes Research” şirkətinin məlumatında deyilir. Lakin bu il tədarük 4-5 milyon ədədədək arta bilər. Buna həm istehsalçılar arasında geniş dəstək, həm də istifadəçilər üçün “bulud” əlavələrinin artması zəmin yaradacaqdır. Bundan başqa, xrombuklar “4G” və “WiFi” şəbəkələrinin dəstəklənməsinin genişlənməsi, eləcə də hesablama gücünə görə daha da inkişaf edir.
Tədqiqatla məşğul olan digər “ABI Research” şirkəti bu gün xrombuklar bazarı üzrə məlumatları açıqlamışdır. Şirkətin məlumatına görə, 2013-cü ildə bu sinifdən olan kompyuterlərin satışı 2,1 milyon ədəd olub, lakin 2019-cu ilədək cari trend saxlanılmaqla onların həcmi 11 milyon artacaqdır.
“ABI Research”in analitiki Stefani Van Vaktor qeyd etmişdir ki, bu il satılan xrombukun orta qiyməti 338 dollara bərabər olub, lakin 2019-cu ilədək bu göstəricinin 199 dollaradək enəcəyi gözlənilir. Bildirilmişdir ki, xrombukların populyarlığının artmasına əlavə təkanı getdikcə daha çox korporativ əlavələrin “bulud” texnologiyalarına bu və ya digər şəkildə keçməsi verəcəkdir. Buna görə əməkdaşların iş masalarında daha bahalı fərdi kompyuterlərdən istifadəyə ehtiyac qalmayacaqdır.