Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2020-ci il tarixli 85 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsi qeydə alınmış namizəd Abbasov Fuad Malik oğlu 2020-ci il fevralın 12-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsi üzrə əksər seçki məntəqələrində səsvermə və səslərin sayılması prosesi zamanı qanun pozuntularının olduğunu iddia etmiş, bunlarla bağlı səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və həmin seçki dairəsi üzrə seçkilərin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd F.M.Abbasov müraciətində səsvermə günü 33 saylı Xətai birinci seçki dairəsinin 4, 7, 8, 9, 14, 20, 24, 25, 26, 29, 31, 32, 33, 34, 36, 37 və 38 saylı seçki məntəqələrində seçki məntəqələrinin açılmasından başlayaraq müxtəlif vaxtlarda səsvermənin gedişi, səslərin hesablanması və səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verilməsini bildirmiş, həmçinin müvafiq seçki dairəsinin və ya məntəqəsinin seçicilər siyahısında adı olmayan və ya həmin ərazidə qeydiyyatda olmayan şəxslərin səsvermədə iştirakı hallarının olduğunu, eyni şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradılmasını, bir şəxsin bir neçə dəfə səs verdiyini, bəzi seçki məntəqələrində seçki bülletenlərinin topa şəkildə seçki qutularına atıldığını iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişdir. Müraciətdə qeyd edilən iddialara dair müşahidəçilər tərəfindən tərtib edilmiş çoxsaylı aktlar, fotoşəkillər və video görüntülər müraciətə əlavə olunmuşdur.

Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması məqsədilə mümkün olan müxtəlif məlumat mənbələrindən, o cümlədən səsvermə günü seçkilərlə əlaqədar sosial şəbəkələrdə yerləşdirilmiş materiallardan, həmçinin digər məlumatlardan istifadə edilmişdir.

Sosial şəbəkələrdə yayılan görüntülər, təqdim edilmiş aktlar, fotoşəkillər və video materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək, yəni seçki qanunvericiliyinin pozulması, protokolların surətinin müşahidəçilərə verilməməsi və seçki prosesinə müdaxilə iddiaları öz təsdiqini tapmışdır.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Baxış nəticəsində 6, 11, 15, 19 və 26 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilmişdir.

Belə ki, 6, 11 və 15 saylı seçki məntəqələrində səslərin söz və rəqəmlə yazılışında yolverilməz düzəlişlər və fərqlər 19 və 26 saylı seçki məntəqələrində namizədlərə verilmiş etibarlı hesab edilmiş səslərin ümumi saya uyğun olmaması, balansın pozulması, seçicilərə verilmiş bülletenlərlə səsvermə qutusundan çıxan bülletenlərin sayı arasında fərqlər, bəzi namizədlərə aid səslərə sonradan düzəlişin edilməsi halları müəyyən edilmişdir.

Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə aşağıda sözügedən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 4, 6, 7, 8, 9, 11, 14, 15, 19, 20, 24, 25, 26, 29, 31, 32, 33, 34, 36, 37 və 38 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır. Nəticələri etibarsız hesab ediləcək seçki məntəqələrinin sayı seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil edir. Həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alımış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil edir.

Belə ki, səsvermənin nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı 21, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı 25386, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 40, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı isə 47614-dür.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Göstərilənlərə əsasən müraciətin təmin edilməsi, seçki dairəsinin 4, 6, 7, 8, 9, 11, 14, 15, 19, 20, 24, 25, 26, 29, 31, 32, 33, 34, 36, 37 və 38 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və seçki dairəsi üzrə seçkilərin etibarsız sayılması üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2020-ci il tarixli 85 saylı müraciət təmin edilsin, 33 saylı Xətai birinci seçki dairəsinin 4, 6, 7, 8, 9, 11, 14, 15, 19, 20, 24, 25, 26, 29, 31, 32, 33, 34, 36, 37 və 38 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin və həmin seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər etibarsız sayılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr       Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin