Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 fevral 2020-ci il tarixli 205 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə müşahidəçi Nəzərov Rövşən Oqtay oğlu 2020-ci il fevralın 15-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 24 saylı Nizami birinci seçki dairəsi dairə seçki komissiyasının hərəkətini mübahisələndirmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Müşahidəçi R.O.Nəzərov müraciətində bildirmişdir ki, səsvermə günü 24 saylı Nizami birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində müşahidə aparmış, sonra isə müşahidəsini dairə seçki komissiyasında davam etdirmiş, saat 22:30 radələrində komissiyanın iclasda iştirak etmək istədiyini üzvlərə bildirsə də ona iclas olmadığı deyilmiş və o, iclasın protokolu ilə təmin edilməmişdir.

Araşdırma prosesində ərizəçi müraciətində göstərdiyi telefon nömrəsinə edilən zənglərə cavab verməmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından təqdim olunmuş 17 fevral 2020-ci il tarixli 186 saylı məktubda göstərilir ki, səsvermə günü müşahidəçi R.O.Nəzərov saat 20:35 radələrində dairə seçki komissiyasına gələrək iclasında iştirak etmək və iclas protokolunun ona verilməsini istəmişdir. Dairə seçki komissiyasının üzvləri ona bildirmişlər ki, hazırda məntəqə seçki komissiyalarından daxil olan yekun protokolları və onlara əlavə edilmiş digər seçki sənədlərinin qəbulu getdiyindən iclas keçirilməsi nəzərdə tutulmamışdır. Arzu etdiyi halda digər xarici və yerli müşahidəçilərlə birlikdə protokolların qəbul olunmasını müşahidə etmək ona təklif edilmiş, o, digər müşahidəçilərlə birlikdə bir saata yaxın müddətdə protokolların və digər seçki sənədlərinin qəbul olunmasını müşahidə etmiş, heç bir irad bildirmədən binanı tərk etmişdir.

Göstərilənlərə əsasən dairə seçki komissiyasının hərəkətində Seçki Məcəlləsinin tələbinin pozulması halları təsdiq edilmədiyindən müşahidəçi R.O.Nəzərovun müraciəti əsassız hesab edilərək təmin olunmamalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə müşahidəçi Nəzərov Rövşən Oqtay oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 fevral 2020-ci il tarixli 205 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib           Arifə Muxtarova

Katib           Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin