Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 fevral 2020-ci il tarixli 215 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 66 saylı Biləsuvar seçki dairəsin¬dən qeydə alınmış namizəd Mehti Yusif Haceyib oğlu 2020-ci il fevralın 15-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və seçkilərin nəticəsinin ləğv olunmasını xahiş etmişdir. 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Seçki Məcəlləsinin tələbinə görə iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.

Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə görə müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4-cü hissəsinə əsasən qərara alır: 

1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 66 saylı Biləsuvar seçki dairəsin¬dən qeydə alınmış namizəd Mehti Yusif Haceyib oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 fevral 2020-ci il 215 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiya¬sına göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr           Məzahir Pənahov

Katib          Arifə Muxtarova

Katib          Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin