Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 fevral 2020-ci il tarixli 234 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Rəfullayeva Samirə Ağarəsul qızı 2020-ci il fevralın 16-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 14 fevral 2020-ci il tarixli 05/64 saylı qərarını mübahisələndirmiş və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

S.A.Rəfullayeva müraciətində səsvermə günü 30 saylı Suraxanı birinci seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 saylı seçki məntəqələrində qanun pozuntularının baş verdiyini, həmin seçki məntəqələrinin bəzilərində pozuntuları təsdiq edən video görüntülərin olduğunu iddia edərək, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma və Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

S.A.Rəfullayevanın müraciətinin araşdırılması zamanı səsvermə günü seçki dairəsinin yuxarıda qeyd olunan seçki məntəqələrində baş vermiş qanun pozuntuları ilə əlaqədar aktlar, həmin seçki məntəqələrindən sosial şəbəkələrdə yerləşdirilmiş görüntülər, təqdim olunmuş bir ədəd diskdə və bir ədəd elektron məlumat daşıyıcısında toplanmış seçki məntəqələrinə dair video materiallar əhatə edilmişdir.

İddia edilən pozuntularla əlaqədar olaraq namizəd S.A.Rəfullayeva dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən onun şikayəti araşdırılmış, dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 05/64 saylı qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma zamanı namizədin mübahisələndırdiyi bəzi seçki məntəqələri istisna olmaqla digər seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınmış digər namizəd, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.

Təqdim olunmuş video görüntülər araşdırılarkən 1, 12, 14, 16, 18 saylı seçki məntəqələri üzrə seçki subyektlərinin seçki hüquqlarının reallaşdırılmasına maneə törədən hallar aşkar edilmişdir ki, bu da seçicilərin iradəsinin müəyyən olunmasına imkan vermir. Bu baxımdan həmin seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranmışdır.

Araşdırma nəticəsində digər seçki məntəqələri üzrə sosial şəbəkələrdə paylaşılmış və namizəd tərəfindən təqdim edilmiş elektron məlumat daşıyıcısında olan görüntülərdə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkar edilməmişdir.

Göstərilənlərə əsasən müraciət qismən təmin edilməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarı ləğv edilməli və seçki dairəsinin 1, 12, 14, 16 və 18 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Rəfullayeva Samirə Ağarəsul qızının 16 fevral 2020-ci il tarixli 234 saylı müraciəti qismən təmin edilsin, həmin seçki dairəsinin 1, 12, 14, 16 və 18 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. 30 saylı Suraxanı birinci seçki dairəsi dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 05/64 saylı qərarı 1, 12, 14, 16 və 18 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılslın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr          Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin