Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 fevral 2020-ci il tarixli 244 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 23 saylı Nəsimi – Səbail seçki dairəsi üzrə qeydə alınmış namizəd Vəliyev Toğrul Seyran oğlu 2020-ci il fevralın 17-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 11/37 saylı qərarını mübahisələndirmiş, dairə seçki komissiyasının adı çəkilən qərarının ləğvini, seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

T.S.Vəliyev müraciətində iddia etmişdir ki, dairə seçki komissiyası araşdırma apararkən onun təqdim etdiyi şikayət üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir.

Ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma və Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

T.S.Vəliyevin müraciətinin araşdırılması səsvermə günü seçki dairəsinin seçki məntəqələri üzrə sosial şəbəkələrdə yerləşdirilmiş görüntüləri, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarına təqdim etdikləri yekun protokolları və namizəd tərəfindən təqdim olunmuş digər seçki materiallarını əhatə etmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar namizəd T.S.Vəliyev 23 saylı Nəsimi – Səbail seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayət araşdırılmış, həmin dairə seçki komissiyasının müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

23 saylı Nəsimi – Səbail seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və ya nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd T.S.Vəliyevin müraciəti əsassız hesab olunaraq təmin edilməmişdir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü dörd seçki məntəqəsi istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının araşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatlarlardan müəyyən edilmişdir ki, dörd seçki məntəqəsi istisna olmaqla, həmin pozuntuları təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.

Namizəd tərəfindən təqdim edilmiş elektron məlumat daşıyıcısında olan görüntülərin araşdırılması ilə 14 saylı seçki məntəqəsində seçki bülletenlərinin sayılması zamanı seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilmişdir. Bu hal həmin seçki məntəqəsi üzrə səsvermənin nəticəsinin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır.

Digər seçki məntəqələri üzrə namizəd tərəfindən təqdim edilmiş elektron məlumat daşıyıcısında olan görüntülərin araşdırılması ilə seçkilərin nəticəsinə təsir edən və seçicilərin iradəsini ifadə etməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.

Müvafiq məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları üzrə araşdırmaya zərurət yarandığından, səsvermə günü seçki qanunvericiliyinin tələbinə uyğun olaraq məntəqə seçki komissiyaları tərəfindən tərtib edilmiş, müşahidəçilərə verilmiş və şikayətə əlavə olunmuş 11 ədəd səsvermənin nəticəsinə dair yekun protokolların nüsxələri ilə məntəqə seçki komissiyaları tərəfindən dairə seçki komissiyasına təhvil verilmiş protokolların müqayisəli araşdırılması aparılarkən 17, 23 və 25 saylı seçki məntəqələrinin məlumatlarında uyğunsuzluq müəyyən edilmişdir.

Qeyd olunanlara əsasən, həmin seçki məntəqələri üzrə də səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Göstərilənlərə əsasən müraciət qismən təmin edilməli, 14, 17, 23 və 25 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 23 saylı Nəsimi – Səbail seçki dairəsi üzrə qeydə alınmış namizəd Vəliyev Toğrul Seyran oğlunun müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 14, 17, 23 və 25 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. Dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 11/37 saylı qərarı 14, 17, 23 və 25 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib          Arifə Muxtarova

Katib          Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin