Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 352 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Sadıqov Qiyas Böyükağa oğlu 2020-ci il fevralın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 47/133 saylı qərarını mübahisələndirmiş, dairə seçki komissiyasının adıçəkilən qərarının ləğvini, seçki hüquqlarının bərpası və müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulan hərəkətlərin edilməsini, ehtimal olunan seçki saxtakarlığına yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Q.B.Sadıqov müraciətində iddia etmişdir ki, dairə seçki komissiyası araşdırma apararkən onun təqdim etdiyi şikayət üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir.

Ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma və Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

Q.B.Sadıqovun müraciətinin araşdırılması səsvermə günü seçki dairəsinin seçki məntəqələri üzrə sosial şəbəkələrdə yerləşdirilmiş görüntüləri, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarına təqdim etdikləri yekun protokolları və namizəd tərəfindən təqdim olunmuş digər seçki materiallarını əhatə etmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar namizəd Q.B.Sadıqov 63 saylı Sabirabad birinci seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayət araşdırılmış, həmin dairə seçki komissiyasının müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

63 saylı Sabirabad birinci seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və ya nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd Q.B.Sadıqovun müraciəti əsassız hesab olunaraq təmin edilməməlidir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü bir seçki məntəqəsi istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının araşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatlardan müəyyən edilmişdir ki, bir seçki məntəqəsi istisna olmaqla, həmin pozuntuları təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.

Araşdırmaya təqdim olunmuş iş materiallarının və sosial şəbəkələrdəki görüntülərin tədqiqi zamanı seçki dairəsinin 28 saylı seçki məntəqəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilmişdir. Bu da həmin seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır.

Göstərilənlərə əsasən müraciət qismən təmin olunmalı, 28 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Sadıqov Qiyas Böyükağa oğlunun müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 28 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. Dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 47/133 saylı qərarı 28 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr         Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin