Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 353 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Qurbanov Davud Hadıbək oğlu 2020-ci il fevralın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin əksər seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 18/52 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd D.H.Qurbanov müraciətində iddia etmişdir ki, səsvermə günü 68 saylı Cəlilabad kənd seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 9, 11, 12, 13, 14, 15, 18, 19, 21, 23, 24, 25, 26, 27, 28, 30, 33 və 34 saylı seçki məntəqələrində müşahidəçilərə müşahidə aparılmasına şərait yaradılmamış və onlara səsvermənin nəticələrinə dair protokolun surəti təqdim olunmamış, səsvermədə iştirak edən seçicilərin sayının az olmasına baxmayaraq, məntəqə seçki komissiyaları tərəfindən bu say artırılmış, bəzi vətəndaşlar tərəfindən başqasının əvəzinə səsvermədə iştirak edilmiş, lider namizədin xeyrinə səslər saxtalaşdırılmış, foto və video çəkilişin aparılmasına imkan yaradılmamış və digər qanun pozuntularına yol verilmişdir.

Araşdırma prosesində şikayətçilərlə əlaqə saxlanılmış, onların araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyasından araşdırma materialları tələb edilərək digər sənədlərlə birlikdə araşdırılmışdır.

Araşdırma ilə seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş verməsi iddia olunan qanun pozuntuları öz təsdiqini tapmamış və bu hal ayrı-ayrı seçki məntəqələri üzrə səsvermə və səslərin sayılmasının müşahidəsini həyata keçirmiş müxtəlif maraqları təmsil edən müşahidəçilərin, namizədlərin, məşvərətci səs hüquqlu üzvlərin, məntəqə seçki komissiyaları sədrlərinin, katiblərinin və üzvlərinin verdikləri izahatlarla, həmçinin tərtib edilmiş aktlarla təsdiq olunmuşdur.

Eyni zamanda dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Baxış nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar olunmamışdır.

Həmçinin səsvermə günü seçki məntəqəsində foto və video çəkilişin aparılmasına imkan yaradılmaması ilə bağlı müraciətdə göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, səsvermə günü müvafiq komissiya tərəfindən foto və video çəkilişə heç bir qadağa qoyulmamışdır.

Daha sonra verilmiş izahatlar, aktlar və əlavə edilmiş digər sənədlərdən görünür ki, səsvermə günü seçki məntəqələrində müvafiq müşahidəçilər tərəfindən seçki qanunvericiliyinin tələblərinə əməl olunmaqla müşahidə aparılmış, Seçki Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmiş müşahidənin aparılması prinsiplərinə əməl olunmuşdur.

Sosial şəbəkələrdə yayılan görüntülər və namizəd D.H.Qurbanovun təqdim etdiyi videogörüntülər nəzərdən keçirilərkən 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi ilə bağlı görüntülər müəyyən edilməmişdir.

Araşdırma nəticəsində müəyyən edilmişdir ki, səsvermə günü seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Beləliklə, 68 saylı Cəlilabad kənd seçki dairəsinin bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal müəyyən edilmədiyindən namizəd D.H.Qurbanovun 21 fevral 2020-ci il tarixli 353 saylı müraciəti əsassız hesab edilərək təmin olunmamalıdır. Həmin dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 18/52 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Qurbanov Davud Hadıbək oğluun 21 fevral 2020-ci il tarixli 353 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 18/52 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr         Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin