Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 22 fevral 2020-ci il tarixli 384 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə lider namizəd Qədirli Erkin Toğrul oğlu və onun səlahiyyətli nümayəndəsi Məmmədli Nicat Mübariz oğlu 2020-ci il fevralın 22-də Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsinin 1, 4, 13, 20, 21, 27, 28 və 29 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrini mübahisələndirmiş, baş vermiş qanun pozuntularının araşdırılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 17/94 saylı qərarını və həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv olunmasını xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Qeydə alınmış namizəd E.T.Qədirli və onun səlahiyyətli nümayən¬dəsi N.M.Məmmədli müraciətində 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 16 saylı Yasamal ikinci seçki dairəsinin 1, 4, 13, 20, 21, 27, 28 və 29 saylı seçki məntəqələrində səslərin düzgün hesablanmadığını, dairə seçki komissiyasına təqdim edilmiş müraciətin və digər sənədlərin hərtərəfli araşdırılmadığını iddia edərək, dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 17/94 saylı qərarının ləğvini və sözügedən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını tələb etmişlər.

Ərizəçilər müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair elektron məlumat daşıyıcısını və bir sıra aktlar əlavə etmişlər.

Araşdırma prosesində əlavə sənəd və ya material təqdim etmək, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olmasının izah edilməsi məqsədilə ərizəçilərlə əlaqə saxlanılmışdır.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarları və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.

Müəyyən edilmişdir ki, qeydə alınmış namizədin müraciəti dairə seçki komissiyası tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hərtərəfli araşdırılmış, səsvermə günü mübahisələndirilən seçki məntəqələri üzrə müvafiq seçki subyektləri, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının üzvləri tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.

16 saylı Yasamal ikinci seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, namizədin müraciətində səsvermə günü seçki məntəqələrindəki qanun pozuntuları ilə bağlı iddiaları hərtərəfli araşdırılmış və nəticədə səsvermənin keçirilməsi və ya nəticələrin rəsmiləşdirilməsi zamanı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından müraciət əsassız hesab olunaraq təmin edilməməlidir.

Müraciətin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə sözü gedən seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə və ərizəçilər tərəfindən təqdim edilən videogörüntülərə baxış keçirilərkən, eləcə də müxtəlif seçki subyektlərindən alınmış izahatlarla müəyyən edilmişdir ki, 1, 4, 13, 20, 21, 27, 28 və 29 saylı seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamış, bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmiş və bu baxımdan dairə seçki komissiyası düzgün hüquqi nəticəyə gəlmişdir.

Araşdırma ilə əlaqədar səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyalarının protokolları və digər sənədlər dairə seçki komissiyasından tələb edilərək götürülmüş və onlara baxış keçirilmişdir. Araşdırma nəticəsində həmin seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarındakı məlumatlarda uyğunsuzluqlar aşkarlanmamış, bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.

Göstərilənlərə əsasən lider namizəd E.T.Qədirli və onun səlahiyyətli nümayən¬dəsi N.M.Məmmədlinin müraciətinin təmin edilməməsi, 16 saylı Yasamal ikinci seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 17/94 saylı qərarının dəyişdirilmədən saxlanılması üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə lider namizəd Qədirli Erkin Toğrul oğlu və onun səlahiyyətli nümayəndəsi Məmmədli Nicat Mübariz oğlunun 22 fevral 2020-ci il tarixli 384 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 17/94 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin