Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 22 fevral 2020-ci il tarixli 389 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 108 saylı Ağstafa seçki dairəsi üzrə qeydə alınmış namizəd Abbasova Başxanım Şamil qızı 2020-ci il fevralın 22-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin əksər seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının 21 fevral 2020-ci il tarixli 11/2 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd B.Ş.Abbasova müraciətində iddia etmişdir ki, səsvermə günü 108 saylı Ağstafa seçki dairəsinin 1, 2, 3, 4, 7, 8, 9, 10, 11, 12, 15, 16, 17, 18, 21, 22, 23, 26, 27, 28, 29, 30, 32, 33, 34 və 35 saylı seçki məntəqələrində müşahidəçilərə müşahidə aparılmasına şərait yaradılmamış və onlara səsvermənin nəticələrinə dair protokolun surəti təqdim olunmamış, seçki bülletenlərinin yuxarı sol küncləri əvvəlcədən kəsilmiş, səsvermədə iştirak edən seçicilərin sayının az olmasına baxmayaraq, məntəqə seçki komissiyaları tərəfindən bu say artırılmış, bəzi vətəndaşlar tərəfindən başqasının əvəzinə səsvermədə iştirak edilmiş və digər qanun pozuntularına yol verilmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar namizəd B.Ş.Abbasova 108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayət araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma prosesində şikayətçilər ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyasından araşdırma materialları tələb edilərək digər sənədlərlə birlikdə araşdırılmışdır.

Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü seçki dairəsinin 1, 2, 3, 4, 7, 8, 9, 10, 11, 12, 15, 16, 17, 18, 21, 22, 23, 27, 28, 29, 30, 32, 33, 34 və 35 saylı seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Belə ki, seçki dairəsinin 26 saylı seçki məntəqəsi istisna olmaqla, digər seçki məntəqələrində səsvermə günü baş verməsi iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamış və bu hal ayrı-ayrı seçki məntəqələri üzrə səslərin sayılmasının müşahidəsini həyata keçirmiş müxtəlif maraqları təmsil edən müşahidəçilərin, namizədlərin, məşvərətci səs hüquqlu üzvlərin, məntəqə seçki komissiyaları sədrlərinin, katiblərinin və üzvlərinin verdikləri izahatlarla, həmçinin tərtib edilmiş aktlarla təsdiq olunmuşdur.

Həmçinin verilmiş izahatlar, aktlar və əlavə edilmiş digər sənədlərdən görünür ki, səsvermə günü seçki məntəqələrində müvafiq müşahidəçilər tərəfindən seçki qanunvericiliyinin tələblərinə əməl olunmaqla müşahidə aparılmış, Seçki Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmiş müşahidənin aparılması prinsiplərinə əməl olunmuşdur.

Sosial şəbəkələrdə yayılan görüntülər nəzərdən keçirilərkən 108 saylı Ağstafa seçki dairəsi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi ilə bağlı görüntülər müəyyən edilməmişdir.

Eyni zamanda 108 saylı Ağstafa seçki dairəsinin dairə seçki komissiyasından mübahisələndirilən seçki məntəqələrinin səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının yekun protokolları alınaraq baxış keçirilmişdir. Müvafiq qaydada məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilmiş 11 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokol nüsxələrinə baxış nəticəsində yalnız 26 saylı məntəqə seçki komissiyasının protokolunda seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar olunmuşdur. Beləliklə, şikayətin qismən təmin olunması üçün hüquqi əsaslar yaranmışdır.

Göstərilənlərə əsasən müraciət qismən təmin edilməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarı qismən ləğv edilməlidir. 108 saylı Ağstafa seçki dairəsinin 26 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 108 saylı Ağstafa seçki dairəsi üzrə qeydə alınmış namizəd Abbasova Başxanım Şamil qızının 22 fevral 2020-ci il tarixli 389 saylı müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 26 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. Dairə seçki komissiyasının 21 fevral 2020-ci il tarixli 22/2 saylı qərarı 26 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr          Məzahir Pənahov

Katib         Arifə Muxtarova

Katib         Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin